hadi qaraçay
Hadi Qaraçay
Acunun doğumu boyu
Bəyləri sağında , solunda
Altunban evində otursun
Amıt soyunun aslanı.
Onlar orda qalsinlar
Torpağın doğumundan deyim
Atımın yaşından
Dayımın yaşıdından
Almanın Beyrək qoxusundan
Beyrəkin alma qoxusundan
Və udumun umuda çevrilməsindən. . .
Sən
xanım
Gözlərimin qapqara qapısından gir
Göydə ulduzlar çiçək çiçək açsınlar
Damarımda vursun
Kür Çayının çırpan ürəyi.
Yer yer
Yaralarım sıxmasın səni
Enini , boyunu aşmışam yaşamın
Gözümün qırnasında Ağ Dəniz
Atımın yalında xəzər qoxusu
Bir ayağım Alpın üzəngisində
Biri Altayın
Sümüyüm süd qoxuyar
Dərim buğday və qızıl
Qara gözlərinin qarası ulduzum
Qara qaşlarının qılıncı ayım
Quzeydə
Qatı buzlara vardım
Şüklünün gözlərindən savuq,
Güneydə
Ormanlrı av dadan qızıl torpağa
Dodaqların kimi sıcaq
Batıda
Ağaran dənizin yaşıl sularına vardım
Aratı verimli,
Doğuda
Anamın sini başına vardım
Sənə vardım qaraşın!
Doğunun doğum təridir
Dayı
Torpağın ekiz qardaşı atımın yalında buğlayan
Suyun aydınlığı gözlərimdə
Torpağın damarı əllərimdə
Dədəm olub boylarda dinlədiyin Qaracıq Çoban
Məndilimdə iki sac çörəyi
Və gözlərinin yaşıllığında
İki dil soğan
Çəpişin şıltaq gözləridir qara gözlərin –
Döşümün ağarmış qıllarını alt üst eləyən.
Qonaqlarsam səni nə dersən dedi
***
Günəş
Söndürər çıraqlarını birər birər
Ay , dəniz gözlərində bir giz gəzdirər.
Gözlərimi yumuram
Qapqara qapılar
Açıq arşın
Göydə ulduzlar
Çiçək çiçək açmış,
Damarımda vurur
Kür Çayının çırpan ürəyi.
Ağca qanadlarında gülüş
Basatın anası gəlmişdi
Gözündə al
əlində alma
Və biz
Törənsiz
Gərdəksiz yaratdıq səni. . .
Acun olsun adın
Adını mən verdim
Yaşını tanrı versin dedi.


