Nasir Mırqati
Nasir Mırqati
Yad torpağım
1...
Acıdan dönəndə şəhərə sarı
hamınızın əlləriniz əllərimin içində isti
və yumuşaq
hamınızın ürəkləriniz hər kiçik olaya açılan
hamınızın dodaqlarınız bir kəlməyə qaçan
hər bir zad incə
hər bir zad mənalı
hər bir zad isti idi bağ yolunda.
və yerin yeddi qatından
qayıtmış oğlan
ayaqlar altına
gül səpə-səpə
gəzişirdi hər yanı
Acıdan dönəndə şəhərə sarı
yadındadırmı - saçlarını oynadarkən əsim -
söylədin mənə:
nə yaman axır acı.
mən isə dedim:
göz işlədikcə sapsarı zəmilər
yamyaşıl bağlar
ah…
yerlə göy doğmaydı hələ.
2…
Hey, hey…
ay mənlə birgə doğudan köçüb
düzənlərdə köç salanlar
birər-birər deyin görüm:
pişmiş kərpişlərdən hördüyümüz Ərkimiz
dururmu?
söylədi ata:
nədən övladlarım və qarım başa düşmədilər
nə söylədiklərimi?
söylədi ana:
nədən övladlarım və ərim başa düşmədilər
nə söylədiklərimi
söylədilər oğullar və qızlar:
nədən ata, ana, qardaş və bacılarımız
başa düşmədilər nə söylədiklərimizi?
söylədilər hamı:
özümüz də öz dediklərimizi.
və o gördüyün düzənlərin torpağı indi kül və kül
ürəkləri qurşun,
havası tüstü və duman
göylərə qaldırdığımız bürc isə arzularımız kimi
viran.
və köçdüyümüz yollar boyu,
- bayat doğmalıq və birlik - təkcə daşlara
qazılmış
biz ürəklərimizi uzaqlarda bağışladıq
böylə söyləmiş oldular hamılar
ancaq mən Acı sahilində mənlə birgə doğudan
köçmüşlərin nə söylədiklərinin birini də düşmədim başa
Ah…
nə söyləyəcəyim var sizə?
Ay birgələrim, bir dildə dərdləşdiklərim
yadlaşan aşnalar,
nə deyim mən sizə?
Ay ögey doğmalar,
anmayacaqsınız məni
nə desəniz mənə
anmayacağam sizi
Acının Qana dönməsindən bəri
və o lənətə gələn tüstülü və dumanlı
çaqqallar düzündən ayrılalı
3...
Acıdan dönəndə şəhərə sarı
əllərin əllərim içində bumbuz
baxışların sazaq
söylədiyin hər bir söz yad idi
sən dedin:
quruyub Acı
mən isə dedim:
göz işlədikcə kül olub bağlar
ac qarğalar yanmış zəmilərə qonmuş
daha danışmadıq şəhərə qədər.
… … …
… ...
…
Dünya min dildə idi.
külək yersiz əsmir
sazaq yersiz kəsmir
və qara duman kimidir darısqal pəncərələrdən
kül rəngli lal bağırtılar
və baxdıqda:
göz yerində göz
üz yerində üz
və söz yerində söz görmədim
bircə bulanıq səslər
itkin üzlər
oyuq gözlər…
bir də ki tüstüydü və duman
və ölümün caynağından damcı-damcı daman qan.
təkcə…
yayılır havada bir səs:
tənhalıq…
özgəlik…
və ölüm yolda,
ölüm…
ölüm yolda.
Ah…
Ərkin duvarları tökülür
tökül…ür
tökül…ür.
* (Acı - Təbrizin yaxınlığında bir çay adıdır.)
Qaynaq : "Talanmış Günəş" kitabı, əndişey-e no , 1377. Ss.55-64



dəyərli hümmət güney şeirini tanıtdırdığız və çəkdiyiniz əməyə görə sağolun
İyul 18, 2008 12:34